![»](http://xeberdarolaq.ucoz.com/_tbkp/picture151792.jpg)
"Bu qış Bakının yollarında heç bir problem olmayacaq. Bütün yollar buzdan təmizlənəcək və vətəndaşlar rahat şəkildə yollarda hərəkət edə biləcək". Bu sözləri Nəqliyyat Nazirliyinin mətbuat katibliyinin müdiri Namiq Həsənov Anspress-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, Nəqliyyat Nazirliyi qışa ciddi hazırlıq işləri görür: "Biz qarışqa kimi işləyirik. Duz, torpaq ehtiyatı görülüb. Paytaxtın bütün rayonlarında istismar idarələrinə göstəriş verilib ki, balanslarında olan texnika saz vəziyyətə gətirilsin”.
N.Həsənovun sözlərinə görə, nazirlik mindən artıq əlavə texnika alıb. Bundan əlavə, qarajlarda bütün maşın, traktorlar hazır vəziyyətə gətirilib: "Çindən 163 ədəd kommunal texnika gətirilib. Çin-Azərbaycan Hökumətlərarası Kommissiyasının ikitərəfli müqaviləsi əsasında bu texnikalar əvəzsiz gətirilib. Bu texnikalar içərisində qar təmizləyən maşınlar da var”.
Nazirlik rəsmisi deyir ki, vətəndaşlar tam arxayın ola bilərlər. Bu qış nəqliyyatda heç bir problem yaranmayacaq: "Bütün sərnişin avtobusları qış mövsümünə tam hazırdır. İstər təkər şinləri, istər avtobusların içərisindəki istilik sistemləri saz vəziyyətə gətirilib. O cümlədən rayon avtobusları da yola çıxmamışdan qabaq bütün texniki təchizatla təmin edilir. Sürücülərə zəncirlər verilir, təkərlər yoxlanılır, maşının salonundakı istilik sistemləri saz vəziyyətə gətirilir”.
|